Pianino - Uraqan

Pianino - Uraqan

Pianino

Belə deyirlər ki, ən böyük məqsədlər sərhədsiz arzulardan doğular. Mənim arzularım da bu cür sərhədsiz idi. Pianinoları çox sevərək böyüdüyümə görə istəyirdim ki, özümün də şəxsi pianinom olsun. Pianino çalmağı pianinom olandan sonra öyrənə bilərdim.

Pianino ilə ilk dəfə nənəmgildə tanış olmuşdum. Təəssüf ki, ilk dəfə pianinonun dillərindən birinə toxunduğum zaman çıxan səsdən sonra nənəm gəlmiş, bir daha ona toxunmağı qadağan etmişdi. Bir zamanlar bu pianino ailəmiz üçün çox əziz idi. Bu pianinoda Arif Məmmədov kimi akademik ifa edirdi. Elə onun ifasında Şopenin prelüdləri, Bethovenin “Ay işığı” sonatası və başqa ölməz əsərlər məndə olan marağın artırmasına səbəb olmuşdu.

Bəzən nənəm evdə olmayanda pianinoya yaxınlaşaraq sonsuz həsrətlə onu seyrə dalar, gizli-gizli ətrafa baxdıqdan sonra pianinonun dillərinə toxunar, səs gələn kimi qaçıb gizlənərdim. Belə bir fikir var: “Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır”. Mən belə hesab etmirdim. Əgər bir şeyə həvəsin varsa, bütün dünya qarşında dursa belə ona maraq göstərməyə davam edəcəksən. Yox, əgər o şey səni maraqlandırmırsa, qısa bir müddətdən sonra həmin istək yox olub gedəcək. Mənim bu istəyim isə vaxt ötdükcə daha da alovlanaraq arzudan çox məqsədə çevrilirdi. Əmin idim ki, nə vaxtsa, şəxsi pianinom olacaq.

Günlərin bir günü nənəmin evinin satılacağını eşitdim. Atam bir nəfərlə razılığa gəlmişdi. Hətta nənəmin köçəcəyi yeni ev belə müəyyən edilmişdi. Amma bir məsələ vardı, nənəmin yeni evində pianino üçün yer olmayacaqdı. Bu xəbəri eşidən kimi gözlərim parladı, cəld yerimdən sıçrayıb pianinonun dalınca gedəcəkdim ki, atamın səsini eşitdim:

– Pianinonu da yeni ev yiyəsinə bağışladım.

Bənizim ağardı, yerimdəcə donub qaldım. Atama heyrətlə baxıb soruşdum:

– Necə yəni?! Pianinonu bağışladın?!

Atam stolun üstündəki qrafindən stəkana su süzərək dedi:

– Hə-ə, verdim, getdi. Onsuz da yeni evdə pianino üçün yer yox idi.

– Ata... Necə yəni verdim, getdi?!

– Sənə pianino lazımdır? Böyüyəndə alarsan! – zarafata salaraq dedi.

– Mən o pianinonu istəyirəm.

– Mən ev yiyəsinə söz vermişəm. Bu söhbətə bir də qayıtmayaq.

***

Aradan xeyli vaxt keçdi. Mənsə hələ də atamı bağışlaya bilmirdim. Onunla deyib-gülsəm də, pianino söhbəti yadıma düşən kimi dinib-danışmaz, yalqız qalmağı seçərdim. Bu yalqızlıq məni xəyallara aparardı. Düşüncələrimdə o qədər dərinlərə dalardım ki, nənəmin danışdıqlarını eşidə bilməzdim. Həmişə belə idim, nənəm danışanda fikrim-xəyalım onda olmazdı. O qədər gözəl qulaq asırdım ki, nə danışdığı heç vaxt yadımda qalmırdı.

Pianino haqqında xəyallara dalarkən bir anda onun da “pianino” dediyini eşitdiyimçün sanki oyandım.

– Nə? Nə pianino? – dedim.

– Atanı deyirəm də, götürüb pianinonu verdi o gədəyə.

– Hə, bunu bilirəm, – dedim, amma ürəyimdə dediyim sözləri, təəssüf ki, heç kim eşidə bilmirdi.

– Keçən dəfə ürəyim dözmədi, köhnə həyətimizin qarşısından keçdim, pianino həyətə atılıb, blokun ağzında saxlayırlar.

Nənəm bunu dediyi zaman gözlərimdə ümid qığılcımları parladı. Bundan sonra dediklərinə o qədər də əhəmiyyət vermədim. Tez oturduğum yerdən qalxıb pencəyimi geyindim. Ayaqqabılarımı geyinib qapını açdığım zaman arxadan nənəmin səsini eşitdim:

– Dayan, a gədə, hara gedirsən?

– İşim çıxdı, getməliyəm, – dedim və qapını örtüb evdən çıxdım.

Köhnə məhəlləyə çatdığım zaman, doğrudan da, pianinonun blokun yanına qoyulduğunu gördüm. Həyətə atmamışdılar, küçəyə atılan malın üstünü mələfə ilə örtməzdilər. Özümü xəyallarına doğru uçan bəyaz göyərçin kimi hiss edirdim. Amma pianinoya çatdığım zaman xəyallarımın gerçəkləşməyinə hələ çox qaldığını anladım. Düşünməyə başladım: “Görəsən, onu necəsə götürüb apara bilərəmmi? Oğurlayımmı? Yox, mənim olmayan bir şeyi oğurlaya bilmərəm. Amma xəyallarımın gerçəkləşməsi üçün vicdanımın üstünü örtməliyəm. Amma... Vicdanım görməsə belə, qonum-qonşu görər, atamın yanında biabır olaram. Ən yaxşısı gecə vaxtı gəlib gizlincə götürüm”.

Pianinodan uzaqlaşacaqdım ki, yerimdə dayandım. Oğurluq edə bilməzdim. Ən yaxşısı icazə alıb götürmək idi. Əgər icazə verməsəydilər, bu pianinodan əlimi üzüb yeni pianino axtarışına çıxmalı idim.

Keçib yaxınlıqdakı skamyada oturdum. Çox düşünmədən telefonumu çıxardıb atama zəng vurdum:

– Ata, nənəgilin evini alan adamın adı nə idi?

– İlqar. Nə olub ki?

– Köhnə evin yanındayam. Pianinonu götürmək istəyirəm.

– Mən axı pianinonu İlqara vermişəm.

– Heç onlara lazım deyilmiş, götürüb atıblar çölə. İcazə alacağam.

– Qələt edəcəksən, – atam əsəbiləşib səsini qaldırdı. – Mən o pianinonu ona görə başımdan rədd eləmişəm ki, gedib küçədən götürəsən?

Telefonu söndürdüm. “Əgər bir xəyalın varsa, çox danışmadan sadəcə gerçəkləşdir”, – öz-özümə dedim. Amma necə? Heç tanımırdım bu İlqarı. Necə birisi olduğunu da bilmirdim. Haqqında bildiyim sadəcə bir şey vardı: adı İlqardır.

Beynimdə İlqarın portretini çəkməyə başladım. Öz-özümə dedim: “İlqar... İlqar adlı sinif yoldaşım var, boyu çox balacadır. Yəqin, bu adamın da boyu balaca olar. İlqar... İlqar adlı qohumumuz da var, başı keçəldir. Yəqin, bunun da başı keçəl olar. Yəqin, bığı var. Amma olmaya da bilər. Məgər şərtdir ki, adı İlqar olanın bığı olsun? Hər iş düzəldi, qaldı İlqarın bığı... İlahi, mən nə danışıram?! Bu boyda ölkədə, Allah bilir, neçə yüz min İlqar adlı adam var”.

Bu vaxt balacaboy, keçəl və bığsız bir kişi qabağımdan keçdi. Sanki alnında “Mən İlqaram” yazılmışdı. Boyu balaca, dazbaş, üstəgəl bloka tərəf gedir... Ayağa qalxıb o adama doğru addımladım. O, İlqar olmasaydı belə, ondan İlqar bəyi tanıyıb-tanımadığını soruşacaqdım. Dərindən nəfəs alıb kişiyə yaxınlaşdım:

– Bağışlayın, bir dəqiqə olar sizi?

Adam dayandı. Çevrilib mənə baxdı.

– İlqar bəy, sizsiniz?! – ondan soruşdum.

– Bəli, mənəm. Nə lazımdır?

Hər şeyi fikrimdə doğru canlandırmışdım. O an eyforiyaya qapılacaqdım. Sonradan yadıma düşdü ki, bu kişini uşaq vaxtı atamın yanında görmüşəm.

– Bir neçə ay bundan əvvəl siz atamdan bu evi almısınız.

– Papa necədir?

– Çox şükür, yaxşıdır... Heç bilmirdim sözə necə başlayım... Bu evi atamdan almısınız...

Gülməyə başlayıb zarafatla dedi:

– Nədir, yoxsa evi geri qaytarmağımı istəyirsən?

– Evi yox, həyətə atdığınız pianinonu istəməyə gəlmişəm.

İlqar bir anda tutuldu, mənsə sözümə davam etdim:

– Həmişə istəmişəm ki, bir pianinom olsun. Hətta bu pianino həmişə bizdə olanda da ona elə həsrətlə baxırdım ki... Təsadüfən buradan keçəndə gördüm ki, pianinonu küçəyə atmısınız, ürəyim çox pis ağrıdı. Atam da bu pianinonu sizə verəndə də çox kədərlənmişdim. Ona görə sizi gözləyib icazə almaq istədim. Əgər razılıq versəniz, mən bu pianinonu apararam. Bu mənim üçün çox vacibdir... Ümid edirəm, məni başa düşürsünüz. Sizdən çox xahiş edirəm, əgər bu pianino sizə lazım deyilsə, icazə verin, götürüb aparım.

İlqar dayanıb üzümə baxırdı. Bəlkə də, göz bəbəklərinin dərinliklərində hansısa xatirələr canlanmışdı. Bəlkə də, üz cizgilərim bu xatirələri yada salmasına səbəb olmuşdu. Gülümsəyərək dedi:

– İcazə ver, xanımımla məsləhətləşim. Əgər ona da lazım deyilsə, – pianinoya baxdı, sanki qaytarmağa ürəyi gəlmirdi, – bir saata kimi sənə xəbər verəcəyəm.

Öz xanımı ilə məsləhətləşməyi ona nə qədər dəyər verdiyinin göstəricisi idi. İlqarın nömrəsini aldıqdan sonra əlini sıxıb sağollaşdım. Blokun qarşısında bir saat gözlədim, bir saat sonra zəng etdim.

– Gəl götür, – dedi.

Qəlbimi izahedilməz bir sevinc bürüdü. İlqara dəfələrlə minnətdarlıq elədim, halallaşıb sağollaşdım. Atama zəng vurdum:

– Ata, pianinomuzu geri aldım.

Verdiyim xəbərin onu bu qədər əsəbiləşdirəcəyini düşünməzdim. Az qala infarkt keçirəcəkdi.

– O pianinonu rədd eləmişdim ki, təkrar üstümə gətirəsən? Harada saxlayacaqsan? Bizdə yer yoxdur.

– Öz otağımda... Saxlamağa bir yer taparam.

– Əgər onu bura gətirsən, gözünün qabağında yandıracağam! Evə gətirməyəcəksən! Bir kəlimə! – deyə bağırdı və telefonu söndürdü.

Bununla belə, çox sevinirdim. İstəyimə çatmışdım, bircə onu hara aparacağımı tapmalı idim. Çox keçmədən əmimlə əlaqə saxladım:

– Gətir bizə qoy, maşının pulunu da mən verəcəyəm, – dedi.

Belə də etdim, yük maşını çağırdım, pianinonu aparıb qoydum əmimgilə. Axır ki, istəyimə çatmışdım və istədiyim zaman pianinonu oradan götürə bilərdim. Atam o an əsəbiləşsə də, bu hadisədən sonra qohum-əqrəbanın gözündə yüksəlmişdim. Xüsusən də, bibim və onun həyat yoldaşı evin malına yiyə durduğumçün hara gedirdilərsə, məni tərifləyirdilər. Vaxt keçdikcə atam da başa düşdü ki, mən düzgün hərəkət eləmişəm.

Mənimçün xəyalımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən daha vacib idi.

Bir-iki həftədən sonra əmimgilə zəng elədim. Telefonu əmimin yoldaşı götürdü.

– Pianinom necədir? – ondan soruşdum.

Verdiyi cavab məni şoka saldı:

– Nə pianino?! Çoxdan satmışam.

Tutulub qaldım. Nəsə demək istədim, amma deyə bilmədim. Çünki yaşadığım ruh düşkünlüyünü, pərişanlığı ifadə edəcək sözlər yox idi.

Bu hadisədən illər ötür... Mənim ürəyimdəki pianino eşqi isə zərrəcə azalmayıb...

Şərhlər (80)

  1. Aytac

    @Aytac

    10 iyun 25, 00:37

    Çox mükemmeldir yazilarinizin davamini her zaman boyuk maraq ve sebrsizlikle gozduyurem✨️

  2. Susqun alov

    @Susqun alov

    10 iyun 25, 00:05

    Əvvəl çox sevindim, lakin sonda.. o qədər mübarizədən sonra..  böyüklərin anlamadığı şeyi balaca uşağın anlaması ayrı bir şeydir

  3. Rəna

    @Rəna

    09 iyun 25, 23:21

    Çox gözəl... Sonu məni də üzdü.. heyif ..  Amma əsas olan içinizdə hələ də o sevginin oyaq qalmasıdır cə sönməməsidir.👍🏻 Bilirsiniz mən də sizin kimi piano sevərəm. Hətta özüm proqram vasitəsilə internetdən kiçik parça musiqilər öyrənib, ifa etməyə çalışıram. Və arzumdur ki, piano ifa etməyi ətatflı öyrənim və İnşallah siz də mən də öz pianomuzu əldə etmək ümidi ilə piano ilə qalın 🤗🤗

  4. Leyla Pamukçu

    @Leyla Pamukçu

    09 iyun 25, 22:55

    Çox duyğulandım.Möhtəşəm bir əsər 👍

  5. Gülay Əşrəfli

    @Gülay Əşrəfli

    09 iyun 25, 22:54

    qarşısına qoyduğu məqsədi yerinə yetirdi bu bir tərəfdən yaxşıdı mence.Sonundada heçkim güvənməmeyin lazım olduğu bilindi

  6. Anonim🙂

    @Anonim🙂

    09 iyun 25, 22:44

    Mükəmməl idi.👍

    Mənimdə xəyallarımdan biri pionino çalmaqdı🫠

  7. Sevinc

    @Sevinc

    09 iyun 25, 22:12

    Çox duyğulandım. Əvvəl üzüm güldü, həyacanla oxudum. Sonu....çarəsizlik.....insan ən sevdiyindən imtahan olunur.....bilirdim...uşaqlıqda valideynlərim məni niyə musiqi məktəbinə yazdırmamışlar....piano çalmağı necə çox istədiyimi xatırladım.....47 yaşım var....məncə gec deyil....ən azından çalmaq arzumun olduğunu xatırladım. Təşəkkürlər 

  8. Nuray

    @Nuray

    09 iyun 25, 21:53

    Çox gözəl,təsirli hekayədir. Həqiqətən halal olsun sizə Uraqan bəy. Uğurlar

  9. Susqun alov

    @Susqun alov

    09 iyun 25, 21:49

    Əvvəl çox sevindim, lakin sonda.. o qədər mübarizədən sonra..  böyüklərin anlamadığı şeyi balaca uşağın anlaması ayrı bir şeydir

  10. Vusale

    @Vusale

    09 iyun 25, 21:47

    Meni ise usaqliqda kamancaya yazdirdilar piaono derslerinde yer olmadigi ucun atam bunu bilib qiz nedir kamanca nedir deyerek eseblesdi ve men ordan cixdim.Amma esl isteyim ise skripka idi duzdur boyuk bacim pianoya gedirdi ondan cox men ifa etmeyi sevirdim.Skripka isteyimde belece ureyimde qalmisdi.Amma iller sonra men o cesareti ozumde toplayib yazildim skripka kursuna oda sadece 4-5 mahni oyrenib yarimciq saxladim islerimle elaqeli mumkun deyildi ama helede o skripkama baxiram ve yaxsiki azda olsa getmisem deyirem.Hec bir insan istediyi sevdiyi bir mesguliyyetden vaz gecmemelidir mence.Sonrada bunlar bizim heyatimizdada boyuk rol oynayir.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 12:11

      Çox yaxşı eləmisiniz,yenidən sevdiyiniz məşğuliyyətdən vaz keçməyin 🙏🏻❤️

  11. Fatis

    @Fatis

    09 iyun 25, 21:44

    Sonu üzücüdür... 

    Uğurlar diləyirəm.

  12. Uğur

    @Uğur

    09 iyun 25, 00:28

    Sonu...

  13. Mehdiye

    @Mehdiye

    08 iyun 25, 23:39

    Hekayənin sonuna çox üzüldüm,amma bu bir son deyil,bəlkə də hədəflərinə çatmağın və bu yolda kimsəyə güvənmədən irəliləməyin başlanğıcıdır

  14. Qonaq Aylin Qasımzadə

    @Qonaq Aylin Qasımzadə

    07 iyun 25, 21:45

    Axırına çox pis oldum. Amma məncə heç nə üçün gec deyil. 

  15. Oxucu Şahbazlı

    @Oxucu Şahbazlı

    07 iyun 25, 20:42

    Sonu... 

    Uğurlar.🙏🏻

  16. Abbaszadə💸

    @Abbaszadə💸

    07 iyun 25, 18:53

    Bir epizod mənim uşaqlığımla eynilik təşkil edir: Məni uşaq vaxtı zor-zorama pianoya qoymuşdular, heç gizlətməyəcəyəm, pianoya o qədər də həvəsim yoxdu, məktəb dərslərimin çoxluğunu bəhanə edib getmək istəmirəm, bununla belə nənəm mənə piano almışdı, mən isə ilk sadəcə əylənmək adıyla bir neçə akkordu eyni anda basırdım pedalla birlikdə, bu an mənim də nənəm gəlib məni danlayırdı) "Çalırsan, çal, çalmırsan baş-beynimizi aparma" Sizinki əziz olan bir şeyi qorumaq, bizimki isə qulaq dincliyi hayında idi. Düzdür, illər keçib musiqidən mürəxxəs olmağımdan. Lakin, mənim pianino sevgim indi başlayıb, sizdə ömür boyu olub, məndə isə indi) Son 1 ildir ki, davamlı olaraq hər ay bir əsər öyrənirəm klassiklərdən, düzünü desəm, musiqidə bizə normal əsər öyrədən yox idi, hər biri zövqsüz, mənasız əsərlər idi; buna görə hal-hazırda azad olduğum üçün özüm istədiyim əsəri öyrənirəm. Bu da mənim xatirələrim)

    "Mənimçün xəyallarımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən də vacib idi", bəli, insanın xəyallarının çin olması qohum arasında hörmət-izzət qazanmaqdan daha önəmlidir. Satılan isə nəinki pianino, eyni zamanda sizin uşaqlıq xəyalınız, uzun zamandır içinizdə gəzdirdiyiniz, həzin bir mahnı kimi sizi ara-ara oxşayan, həyəcanlandıran hislər idi. Hələ əl dəyməmişdi ona, hələ çalınmamışdı ürəkdən...Gec deyil. Ümid edirəm ki, arzunuza ən yaxın gələcəkdə çata biləsiniz))

  17. Rzalı Sona

    @Rzalı Sona

    07 iyun 25, 18:12

    Bu mətni oxuyanda içim titrədi... Çünki o təkcə piano deyildi o uşaqlıq arzuları, xəyallar idi.. 

    Bəzən bizim adi bir əşya kimi gördüklərimiz böyük məna daşıya bilir...

  18. Sevda🤍

    @Sevda🤍

    07 iyun 25, 12:04

    Çox maraqlı,eyni zamanda axıcı hekayə idi.Sonunun elə olması üzdü.O qədər çalış,axırda yenidən satılsın..

  19. Dejavu

    @Dejavu

    07 iyun 25, 10:56

    Əsər çox təsirli idi pianino çalmaq mənə də zövq verir ruhum dincəlir💙

  20. Baln_7

    @Baln_7

    07 iyun 25, 10:21

    Sanki hal-hazırda sizə ilk dəfə pianinoya toxunmağa qadağan olunduğu zamanki hissləri yaşayıram.Gələcəkdəki peşəmlə bağlı hər kəs bir fikir söyləyir.'Çox çətindi','Bacarmarsan','Bəlkə fikrini dəyişdirəsən?' amma mən eynən sizin kimi sönməz bir eşqlə seçimimə bağlıyam.Ümidvaram ki,bir gün pianinonuza qovuşarsınız.Hekayə isə olduqca maraqlı,axıcı və qiymətli idi.

  21. Zeynəb

    @Zeynəb

    07 iyun 25, 00:21

    Çox gözəl idi hadisələr adamı özünə cəlb edirdi . Mən də 8 il pianino dərləri almışam ama sona kimi gedə bilməmişəm məndədə valdeyn səbəb oldu bu barədə bəxtimiz evni kimi imiş  . Hekayəni xoşbəxt sonla deşünən anı pis sonla bitdi əminin yoldaşının çoxan satmışam sözünə çox təəccübləndim bir insan bu qədərmi acımasız vecsiz olar? İnşallah bir gün xəyalınızı gerçək edəcəksiz. Mən sizə inanıram 

  22. Kamran

    @Kamran

    06 iyun 25, 22:29

    Hekayə insanı özünə çəkir . Hadisələr axıcı idi. Bunu yolda gedə - gedə oxuyurdum . Sonuna çatdıqda ( əminin həyat yoldaşının " çoxdan satmışam" ) sözlərini oxuduqda 1-2 dəqiqə yerimdə donub qaldım. İnsan məgər bu qədər mi vecsiz olar ? 

    İnsanı kədərləndirən, hər yerdə tərifləyirlər ki, evin malına sahib çıxdı. Amma özləri hər an pianonu əldən çıxartmağa baxırlar . 

  23. Mehin

    @Mehin

    06 iyun 25, 22:18

    Əsər çox gəşəng idi✨.Sizində ata tərəfdən şansınız olmayıb mənim kimi.

  24. Röyane

    @Röyane

    06 iyun 25, 22:13

    O qeder saf, temiz içden yazılmış bir hekayedirki tesirlenmemek mümkün deyil. Daha çox xatirimdə qalan hisseler. İlqar müellimin xeyalınızdakı ile eyni olması😊. Eger bir şeye hevesin varsa, bütün dünya qarşına dursa bele, ona maraq göstermeye davam edeceksen. 👍. Eger bir xeyalın varsa, Çox danışmadan sadece gerçekleşdir👏.Oxuculara deyerlii mesajlar ötürülür. Xeyallarımın gerçekleşmesi üçün vicdanımın üstünü örtmeli idim😔. Oxuduğum en tesir edici cümle idi.      Siz hemişe yazın yaradın! ❤️

  25. Selcan

    @Selcan

    06 iyun 25, 22:09

    Maraqlı hekayədir. Amma sonluq məni təəccübləndirdi🫠. Sanki mənim başıma gəlmiş kimi hiss etdim 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol