Pianino - Uraqan

Pianino - Uraqan

Pianino

Belə deyirlər ki, ən böyük məqsədlər sərhədsiz arzulardan doğular. Mənim arzularım da bu cür sərhədsiz idi. Pianinoları çox sevərək böyüdüyümə görə istəyirdim ki, özümün də şəxsi pianinom olsun. Pianino çalmağı pianinom olandan sonra öyrənə bilərdim.

Pianino ilə ilk dəfə nənəmgildə tanış olmuşdum. Təəssüf ki, ilk dəfə pianinonun dillərindən birinə toxunduğum zaman çıxan səsdən sonra nənəm gəlmiş, bir daha ona toxunmağı qadağan etmişdi. Bir zamanlar bu pianino ailəmiz üçün çox əziz idi. Bu pianinoda Arif Məmmədov kimi akademik ifa edirdi. Elə onun ifasında Şopenin prelüdləri, Bethovenin “Ay işığı” sonatası və başqa ölməz əsərlər məndə olan marağın artırmasına səbəb olmuşdu.

Bəzən nənəm evdə olmayanda pianinoya yaxınlaşaraq sonsuz həsrətlə onu seyrə dalar, gizli-gizli ətrafa baxdıqdan sonra pianinonun dillərinə toxunar, səs gələn kimi qaçıb gizlənərdim. Belə bir fikir var: “Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır”. Mən belə hesab etmirdim. Əgər bir şeyə həvəsin varsa, bütün dünya qarşında dursa belə ona maraq göstərməyə davam edəcəksən. Yox, əgər o şey səni maraqlandırmırsa, qısa bir müddətdən sonra həmin istək yox olub gedəcək. Mənim bu istəyim isə vaxt ötdükcə daha da alovlanaraq arzudan çox məqsədə çevrilirdi. Əmin idim ki, nə vaxtsa, şəxsi pianinom olacaq.

Günlərin bir günü nənəmin evinin satılacağını eşitdim. Atam bir nəfərlə razılığa gəlmişdi. Hətta nənəmin köçəcəyi yeni ev belə müəyyən edilmişdi. Amma bir məsələ vardı, nənəmin yeni evində pianino üçün yer olmayacaqdı. Bu xəbəri eşidən kimi gözlərim parladı, cəld yerimdən sıçrayıb pianinonun dalınca gedəcəkdim ki, atamın səsini eşitdim:

– Pianinonu da yeni ev yiyəsinə bağışladım.

Bənizim ağardı, yerimdəcə donub qaldım. Atama heyrətlə baxıb soruşdum:

– Necə yəni?! Pianinonu bağışladın?!

Atam stolun üstündəki qrafindən stəkana su süzərək dedi:

– Hə-ə, verdim, getdi. Onsuz da yeni evdə pianino üçün yer yox idi.

– Ata... Necə yəni verdim, getdi?!

– Sənə pianino lazımdır? Böyüyəndə alarsan! – zarafata salaraq dedi.

– Mən o pianinonu istəyirəm.

– Mən ev yiyəsinə söz vermişəm. Bu söhbətə bir də qayıtmayaq.

***

Aradan xeyli vaxt keçdi. Mənsə hələ də atamı bağışlaya bilmirdim. Onunla deyib-gülsəm də, pianino söhbəti yadıma düşən kimi dinib-danışmaz, yalqız qalmağı seçərdim. Bu yalqızlıq məni xəyallara aparardı. Düşüncələrimdə o qədər dərinlərə dalardım ki, nənəmin danışdıqlarını eşidə bilməzdim. Həmişə belə idim, nənəm danışanda fikrim-xəyalım onda olmazdı. O qədər gözəl qulaq asırdım ki, nə danışdığı heç vaxt yadımda qalmırdı.

Pianino haqqında xəyallara dalarkən bir anda onun da “pianino” dediyini eşitdiyimçün sanki oyandım.

– Nə? Nə pianino? – dedim.

– Atanı deyirəm də, götürüb pianinonu verdi o gədəyə.

– Hə, bunu bilirəm, – dedim, amma ürəyimdə dediyim sözləri, təəssüf ki, heç kim eşidə bilmirdi.

– Keçən dəfə ürəyim dözmədi, köhnə həyətimizin qarşısından keçdim, pianino həyətə atılıb, blokun ağzında saxlayırlar.

Nənəm bunu dediyi zaman gözlərimdə ümid qığılcımları parladı. Bundan sonra dediklərinə o qədər də əhəmiyyət vermədim. Tez oturduğum yerdən qalxıb pencəyimi geyindim. Ayaqqabılarımı geyinib qapını açdığım zaman arxadan nənəmin səsini eşitdim:

– Dayan, a gədə, hara gedirsən?

– İşim çıxdı, getməliyəm, – dedim və qapını örtüb evdən çıxdım.

Köhnə məhəlləyə çatdığım zaman, doğrudan da, pianinonun blokun yanına qoyulduğunu gördüm. Həyətə atmamışdılar, küçəyə atılan malın üstünü mələfə ilə örtməzdilər. Özümü xəyallarına doğru uçan bəyaz göyərçin kimi hiss edirdim. Amma pianinoya çatdığım zaman xəyallarımın gerçəkləşməyinə hələ çox qaldığını anladım. Düşünməyə başladım: “Görəsən, onu necəsə götürüb apara bilərəmmi? Oğurlayımmı? Yox, mənim olmayan bir şeyi oğurlaya bilmərəm. Amma xəyallarımın gerçəkləşməsi üçün vicdanımın üstünü örtməliyəm. Amma... Vicdanım görməsə belə, qonum-qonşu görər, atamın yanında biabır olaram. Ən yaxşısı gecə vaxtı gəlib gizlincə götürüm”.

Pianinodan uzaqlaşacaqdım ki, yerimdə dayandım. Oğurluq edə bilməzdim. Ən yaxşısı icazə alıb götürmək idi. Əgər icazə verməsəydilər, bu pianinodan əlimi üzüb yeni pianino axtarışına çıxmalı idim.

Keçib yaxınlıqdakı skamyada oturdum. Çox düşünmədən telefonumu çıxardıb atama zəng vurdum:

– Ata, nənəgilin evini alan adamın adı nə idi?

– İlqar. Nə olub ki?

– Köhnə evin yanındayam. Pianinonu götürmək istəyirəm.

– Mən axı pianinonu İlqara vermişəm.

– Heç onlara lazım deyilmiş, götürüb atıblar çölə. İcazə alacağam.

– Qələt edəcəksən, – atam əsəbiləşib səsini qaldırdı. – Mən o pianinonu ona görə başımdan rədd eləmişəm ki, gedib küçədən götürəsən?

Telefonu söndürdüm. “Əgər bir xəyalın varsa, çox danışmadan sadəcə gerçəkləşdir”, – öz-özümə dedim. Amma necə? Heç tanımırdım bu İlqarı. Necə birisi olduğunu da bilmirdim. Haqqında bildiyim sadəcə bir şey vardı: adı İlqardır.

Beynimdə İlqarın portretini çəkməyə başladım. Öz-özümə dedim: “İlqar... İlqar adlı sinif yoldaşım var, boyu çox balacadır. Yəqin, bu adamın da boyu balaca olar. İlqar... İlqar adlı qohumumuz da var, başı keçəldir. Yəqin, bunun da başı keçəl olar. Yəqin, bığı var. Amma olmaya da bilər. Məgər şərtdir ki, adı İlqar olanın bığı olsun? Hər iş düzəldi, qaldı İlqarın bığı... İlahi, mən nə danışıram?! Bu boyda ölkədə, Allah bilir, neçə yüz min İlqar adlı adam var”.

Bu vaxt balacaboy, keçəl və bığsız bir kişi qabağımdan keçdi. Sanki alnında “Mən İlqaram” yazılmışdı. Boyu balaca, dazbaş, üstəgəl bloka tərəf gedir... Ayağa qalxıb o adama doğru addımladım. O, İlqar olmasaydı belə, ondan İlqar bəyi tanıyıb-tanımadığını soruşacaqdım. Dərindən nəfəs alıb kişiyə yaxınlaşdım:

– Bağışlayın, bir dəqiqə olar sizi?

Adam dayandı. Çevrilib mənə baxdı.

– İlqar bəy, sizsiniz?! – ondan soruşdum.

– Bəli, mənəm. Nə lazımdır?

Hər şeyi fikrimdə doğru canlandırmışdım. O an eyforiyaya qapılacaqdım. Sonradan yadıma düşdü ki, bu kişini uşaq vaxtı atamın yanında görmüşəm.

– Bir neçə ay bundan əvvəl siz atamdan bu evi almısınız.

– Papa necədir?

– Çox şükür, yaxşıdır... Heç bilmirdim sözə necə başlayım... Bu evi atamdan almısınız...

Gülməyə başlayıb zarafatla dedi:

– Nədir, yoxsa evi geri qaytarmağımı istəyirsən?

– Evi yox, həyətə atdığınız pianinonu istəməyə gəlmişəm.

İlqar bir anda tutuldu, mənsə sözümə davam etdim:

– Həmişə istəmişəm ki, bir pianinom olsun. Hətta bu pianino həmişə bizdə olanda da ona elə həsrətlə baxırdım ki... Təsadüfən buradan keçəndə gördüm ki, pianinonu küçəyə atmısınız, ürəyim çox pis ağrıdı. Atam da bu pianinonu sizə verəndə də çox kədərlənmişdim. Ona görə sizi gözləyib icazə almaq istədim. Əgər razılıq versəniz, mən bu pianinonu apararam. Bu mənim üçün çox vacibdir... Ümid edirəm, məni başa düşürsünüz. Sizdən çox xahiş edirəm, əgər bu pianino sizə lazım deyilsə, icazə verin, götürüb aparım.

İlqar dayanıb üzümə baxırdı. Bəlkə də, göz bəbəklərinin dərinliklərində hansısa xatirələr canlanmışdı. Bəlkə də, üz cizgilərim bu xatirələri yada salmasına səbəb olmuşdu. Gülümsəyərək dedi:

– İcazə ver, xanımımla məsləhətləşim. Əgər ona da lazım deyilsə, – pianinoya baxdı, sanki qaytarmağa ürəyi gəlmirdi, – bir saata kimi sənə xəbər verəcəyəm.

Öz xanımı ilə məsləhətləşməyi ona nə qədər dəyər verdiyinin göstəricisi idi. İlqarın nömrəsini aldıqdan sonra əlini sıxıb sağollaşdım. Blokun qarşısında bir saat gözlədim, bir saat sonra zəng etdim.

– Gəl götür, – dedi.

Qəlbimi izahedilməz bir sevinc bürüdü. İlqara dəfələrlə minnətdarlıq elədim, halallaşıb sağollaşdım. Atama zəng vurdum:

– Ata, pianinomuzu geri aldım.

Verdiyim xəbərin onu bu qədər əsəbiləşdirəcəyini düşünməzdim. Az qala infarkt keçirəcəkdi.

– O pianinonu rədd eləmişdim ki, təkrar üstümə gətirəsən? Harada saxlayacaqsan? Bizdə yer yoxdur.

– Öz otağımda... Saxlamağa bir yer taparam.

– Əgər onu bura gətirsən, gözünün qabağında yandıracağam! Evə gətirməyəcəksən! Bir kəlimə! – deyə bağırdı və telefonu söndürdü.

Bununla belə, çox sevinirdim. İstəyimə çatmışdım, bircə onu hara aparacağımı tapmalı idim. Çox keçmədən əmimlə əlaqə saxladım:

– Gətir bizə qoy, maşının pulunu da mən verəcəyəm, – dedi.

Belə də etdim, yük maşını çağırdım, pianinonu aparıb qoydum əmimgilə. Axır ki, istəyimə çatmışdım və istədiyim zaman pianinonu oradan götürə bilərdim. Atam o an əsəbiləşsə də, bu hadisədən sonra qohum-əqrəbanın gözündə yüksəlmişdim. Xüsusən də, bibim və onun həyat yoldaşı evin malına yiyə durduğumçün hara gedirdilərsə, məni tərifləyirdilər. Vaxt keçdikcə atam da başa düşdü ki, mən düzgün hərəkət eləmişəm.

Mənimçün xəyalımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən daha vacib idi.

Bir-iki həftədən sonra əmimgilə zəng elədim. Telefonu əmimin yoldaşı götürdü.

– Pianinom necədir? – ondan soruşdum.

Verdiyi cavab məni şoka saldı:

– Nə pianino?! Çoxdan satmışam.

Tutulub qaldım. Nəsə demək istədim, amma deyə bilmədim. Çünki yaşadığım ruh düşkünlüyünü, pərişanlığı ifadə edəcək sözlər yox idi.

Bu hadisədən illər ötür... Mənim ürəyimdəki pianino eşqi isə zərrəcə azalmayıb...

Şərhlər (80)

  1. Lumos

    @Lumos

    15 mart 26, 18:32

    Piano ilə əlaqədar olan hadisəmi sizə danışmışdım... Ən böyük məyusluğum pianist olmaq arzumu öz istəyimlə dəyişmək olub. Ümid edirəm, ən gözəl pianonu alarsınız evinizə🫶🫶

  2. Hevva

    @Hevva

    15 mart 26, 11:51

    İnşallah  bir gün evinizin kitabxana otağında ən gözəl pianino olar🩷

  3. Şahmalı Hasan

    @Şahmalı Hasan

    10 iyul 25, 22:39

    Uşaqlıq illərində böyük insan üçün adi olan, hətta yararsız olan bir şey, bir kəs uşaq üçün dünyalara bərabər ola bilir. Onu itirəndə isə daima insanın bur tərəfi boş qalır. Gerçəkləşməyən arzular zamanla xatirələrə, xatirələr ağır bir zəncirə çevrilir, o zəncir də bizi olduğumuz yerə, keçmişə bağlayır, irəli getməyə qoymur. İçində uşaqlıqdan bir arzusu qalmış heç vaxt böyümür, eyni yaşda da qalır...

  4. Kəmalə

    @Kəmalə

    02 iyul 25, 22:59

    Kədərli və gözlənilməz sonluq. Valideynin övladı anlamaması, anlamaq da istəməməsi, bir qadının da hərisliyi insanın xəyallarını puç edib travma yaşada bilər. Üzüntülü. 

  5. Mətanət

    @Mətanət

    02 iyul 25, 21:19

    Mənim də uşaqlıqdan ən böyük arzum nə vaxtsa piano alıb onu çalmağı öyrenmekdir. Hələ ki qismət olmayib amma ümidimi üzmürəm. 

  6. G✨

    @G✨

    02 iyul 25, 19:30

    Çox gözəl hekayədir 💫Həyatda arzularımızın ardınca qaçmağa dəyər 😊

  7. Fatima

    @Fatima

    02 iyul 25, 18:52

    Bu hekayə məni çox duyğulandırdı. Bəlkə də, hər birimizin həyatında elə bir əşya, bir xatirə var ki, onu sadəcə nəsə almaq üçün yox, içimizdəki bir boşluğu doldurmaq üçün istəyirik.Atanın sərtliyinə baxmayaraq, bu arzudan vazkeçməməsi, axırda yenidən onu tapmağa çalışması insana güc verir. Hekayənin sonu gözlənilməz və acı olsa da, bu gerçək həyatdır. Bəzən xəyal etdiyimiz şeyə çata bilirik.Amma onu qorumaq hər zaman mümkün olmur. Çox səmimi və təsirli yazıdır. Mənim xəyallarımdan biri  pianino çalmaqdı. Amma öyrənmək üçün gec deyil. Pianino çalanda və ya qulaq asanda insanın ruhu dincəlir. Əgər insan həqiqətən bir şeyi istəyirsə ona kimsə mane ola bilməz. Qarşısına nə qədər maneələr çıxsa da öz xəyallarından vazkeçməməlidir.

  8. E...

    @E...

    02 iyul 25, 18:21

    Çoox maraqlıdır əla əlinizə ürəyinizə sağlıq uğurlar 

  9. Dərya Qasımova

    @Dərya Qasımova

    02 iyul 25, 18:11

    Pianino çalmaq çox maraqlıdır. Sanki insanın ruhu dincəlir. Bütün hisslərini, düşüncələrini ifadə edir. Düzünə qalsa, biraz təsirləndim bu hekayədən. Amma ən azından axıra qədər mübarizə aparmısınız. Böyüklər hər zaman bizim haqqımızda doğru qərar verməzlər. Bəzən onların qərarı bizim xəyallarımınızın önündə bir sədd kimi çəkilər... 🫠

  10. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 18:09

    Mən de bir vaxtlar istəmişəm pianino çalmaği bəlkədə ən böyük arzularimdan biri olub. Sizin hekayənizə üzüldüm . Ama əyər sen bunu istəyirsənsə heç bir şey sene əngəl ola bilməz. İnsan tez heç istəyinə çatır. Sadəcə her şey doğru zamanı gözləyir. 

  11. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 23:57

    Sonu biraz qəlb qırıcı bitsədə gerçəklik budur,hərzaman hərşey biz istəyən kimi olmur.Hətta çox ürəkdən istədiklərimiz sanki bilərəkdən bizdən uzaqlaşdırılır.Mənim də  pionino sevgim çox böyükdür.Uşaqlıqdan bəri böyük arzum olubdur öz pianinom olsun və ifa etməyi o qədər xoşlayıram ki amma çox təəssüf ki atam pianino dərslərinə gedməyə qoymayıb və illərdir ürəyimdə sönməyən bir arzu kimi qalıb hətta bəzən düşünürəm ki görəsən bu yaşda öyrənmək olarmı necə öyrənə bilərəm.Atamın bir etirazına görə pianino ifalarına sadəcə kənardan baxa baxa qalmışam.Hərşey sevirəm deməklə olmaz sevdiyini göstərmək üçün sevdiyin insanların istədiklərini etməyi başarmalıdır bir insan.🙃🖤

  12. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 00:40

    Məndə pianino dərsləri almışam 8 il oxumuşam maraqlı bir məşquliyəti. Hekayəni oxuduqca qəribə olfum həm hüzünləndim həm sevindim işlərin düz getdiyi an tam xoşbəxt olacaqı an bibinin o sözü məni yıxdı... Həyatımızda xəyallarımızı məhv edən insanlar çoxdu..

  13. Aytac

    @Aytac

    20 iyun 25, 04:52

    Bəzən xəyalımız bizimlə birgə həyata keçirməyi dayandırıb ,yarı yolda qoyur ya da bəzən biz xəyalımızın arxasınca gedib həyata keçirməkdən qalırıq.

  14. Ümüd

    @Ümüd

    17 iyun 25, 23:03

    Təşəkkürlər qələminizə qüvvət maşallah

  15. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 08:16

    Bu hekayəni hər oxuyanda keçmiş yadıma düşər.Verilən bir söz.Tutulmayan əməl.

  16. MinayNadirova

    @MinayNadirova

    16 iyun 25, 22:41

    Mənim də Uşaqlıqda pioninam var idi hətta anam məni pioninaya yazdırmaq istəyirdi amma mən istəmədim

  17. Ağca Muradova

    @Ağca Muradova

    16 iyun 25, 22:39

    Çox maraqlı hekayədir. 

    Mən pianinonu çox sevirəm. Həyat pianinonun dilləri kimi ağ və qaradır. Yaxşı melodiya ifa etmək üçün hər iki dilə toxunmalısan. O zaman yaxşı əsər alınacaq

  18. Tərgül Quliyeva

    @Tərgül Quliyeva

    16 iyun 25, 22:39

    Ən böyük məqsədlər sərhədsiz arzulardan dogur.👍

  19. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 21:54

    Əgər bir insan pianinonu sevirsə o insanın qəlbinə şahid olmaq lazımdır 🫠

  20. Feride

    @Feride

    11 iyun 25, 11:40

    Hə balaca olanda bizim akt zalındada pianino var idi akkordu bir az pis idi ama çalmaq çox isdəyərdim , 11 ci sinifdə məşglər üçün ora gedəndə bir qız pianinonu açdı o çalırdı ama çalmaqdan çox pianinoya zülm veriridi , mən də yandan bir ritimnən bir az çalmağa başladım qız heç kimə icazə vermirdi çalmağa özündən bacarmaya bacarmaya çalırdı , onda başa düşdüm hamının əlinə pianino verilməməlidir 😂

  21. N.Aysel

    @N.Aysel

    11 iyun 25, 08:15

    Sonu...

    Piano ilə mənimdə kiçik hekayəm var. Ümid edirəm bir gün istəyimizə nail olarıq. Hekayə isə hər zamankı kimi axıcı və motivasiya edicidir. 

  22. Arzu

    @Arzu

    10 iyun 25, 21:22

    Xəyallarımızın dalınca getməyin və onu gerçəkləşdirməyin vacibliyi, bütün maneələrə rəğmən. Bu yolda bizi təkləyəcəklər, inanmayacaqlar amma sən davam etməlisən. Əsərin ideyası olduqca mənalıdır, fəqət sonu incitdi

  23. Fatimə

    @Fatimə

    10 iyun 25, 21:09

    Bu hekayə məni dərindən sarsıtdı. Sadəcə bir musiqi aləti deyil, bir uşağın arzusu, inadkarlığı və xəyal dünyası idi o pianino. Hekayənin hər sətri həm kədər, həm də ümid doludur. Uşaqlıq xatirələri, ailə münasibətləri və içdən gələn istəklərlə dolu olan bu yazı insanın ən böyük xəzinəsinin qəlbində yaşatdığı arzuları olduğunu xatırladır. Sonundakı gözlənilməz dönüş isə həqiqətən çox təsirlidir. Uraqan bəy, bu hekayə ilə bir çox insanın içindəki unudulmuş arzulara toxundunuz. Təşəkkür edirəm bu hissi yaşatdığınız üçün.

  24. C.Səkinə

    @C.Səkinə

    10 iyun 25, 09:00

    Həqiqət axtarışı yolunda sizə uğurlar arzu edirəm!

  25. ZB

    @ZB

    10 iyun 25, 00:54

    Bir dəfə oxumuşdum amma 2-ci dəfə yenə eyni duyğularla oxudum gah sevindim, gah da üzüldüm. Yazılarınız oxucunu özündən bezdirməyəm əksinə daha da özünə cəlb edəndir. Siz yazmağa davam edin, biz də oxumağa davam edək.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol