Pianino - Uraqan

Pianino - Uraqan

Pianino

Belə deyirlər ki, ən böyük məqsədlər sərhədsiz arzulardan doğular. Mənim arzularım da bu cür sərhədsiz idi. Pianinoları çox sevərək böyüdüyümə görə istəyirdim ki, özümün də şəxsi pianinom olsun. Pianino çalmağı pianinom olandan sonra öyrənə bilərdim.

Pianino ilə ilk dəfə nənəmgildə tanış olmuşdum. Təəssüf ki, ilk dəfə pianinonun dillərindən birinə toxunduğum zaman çıxan səsdən sonra nənəm gəlmiş, bir daha ona toxunmağı qadağan etmişdi. Bir zamanlar bu pianino ailəmiz üçün çox əziz idi. Bu pianinoda Arif Məmmədov kimi akademik ifa edirdi. Elə onun ifasında Şopenin prelüdləri, Bethovenin “Ay işığı” sonatası və başqa ölməz əsərlər məndə olan marağın artırmasına səbəb olmuşdu.

Bəzən nənəm evdə olmayanda pianinoya yaxınlaşaraq sonsuz həsrətlə onu seyrə dalar, gizli-gizli ətrafa baxdıqdan sonra pianinonun dillərinə toxunar, səs gələn kimi qaçıb gizlənərdim. Belə bir fikir var: “Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır”. Mən belə hesab etmirdim. Əgər bir şeyə həvəsin varsa, bütün dünya qarşında dursa belə ona maraq göstərməyə davam edəcəksən. Yox, əgər o şey səni maraqlandırmırsa, qısa bir müddətdən sonra həmin istək yox olub gedəcək. Mənim bu istəyim isə vaxt ötdükcə daha da alovlanaraq arzudan çox məqsədə çevrilirdi. Əmin idim ki, nə vaxtsa, şəxsi pianinom olacaq.

Günlərin bir günü nənəmin evinin satılacağını eşitdim. Atam bir nəfərlə razılığa gəlmişdi. Hətta nənəmin köçəcəyi yeni ev belə müəyyən edilmişdi. Amma bir məsələ vardı, nənəmin yeni evində pianino üçün yer olmayacaqdı. Bu xəbəri eşidən kimi gözlərim parladı, cəld yerimdən sıçrayıb pianinonun dalınca gedəcəkdim ki, atamın səsini eşitdim:

– Pianinonu da yeni ev yiyəsinə bağışladım.

Bənizim ağardı, yerimdəcə donub qaldım. Atama heyrətlə baxıb soruşdum:

– Necə yəni?! Pianinonu bağışladın?!

Atam stolun üstündəki qrafindən stəkana su süzərək dedi:

– Hə-ə, verdim, getdi. Onsuz da yeni evdə pianino üçün yer yox idi.

– Ata... Necə yəni verdim, getdi?!

– Sənə pianino lazımdır? Böyüyəndə alarsan! – zarafata salaraq dedi.

– Mən o pianinonu istəyirəm.

– Mən ev yiyəsinə söz vermişəm. Bu söhbətə bir də qayıtmayaq.

***

Aradan xeyli vaxt keçdi. Mənsə hələ də atamı bağışlaya bilmirdim. Onunla deyib-gülsəm də, pianino söhbəti yadıma düşən kimi dinib-danışmaz, yalqız qalmağı seçərdim. Bu yalqızlıq məni xəyallara aparardı. Düşüncələrimdə o qədər dərinlərə dalardım ki, nənəmin danışdıqlarını eşidə bilməzdim. Həmişə belə idim, nənəm danışanda fikrim-xəyalım onda olmazdı. O qədər gözəl qulaq asırdım ki, nə danışdığı heç vaxt yadımda qalmırdı.

Pianino haqqında xəyallara dalarkən bir anda onun da “pianino” dediyini eşitdiyimçün sanki oyandım.

– Nə? Nə pianino? – dedim.

– Atanı deyirəm də, götürüb pianinonu verdi o gədəyə.

– Hə, bunu bilirəm, – dedim, amma ürəyimdə dediyim sözləri, təəssüf ki, heç kim eşidə bilmirdi.

– Keçən dəfə ürəyim dözmədi, köhnə həyətimizin qarşısından keçdim, pianino həyətə atılıb, blokun ağzında saxlayırlar.

Nənəm bunu dediyi zaman gözlərimdə ümid qığılcımları parladı. Bundan sonra dediklərinə o qədər də əhəmiyyət vermədim. Tez oturduğum yerdən qalxıb pencəyimi geyindim. Ayaqqabılarımı geyinib qapını açdığım zaman arxadan nənəmin səsini eşitdim:

– Dayan, a gədə, hara gedirsən?

– İşim çıxdı, getməliyəm, – dedim və qapını örtüb evdən çıxdım.

Köhnə məhəlləyə çatdığım zaman, doğrudan da, pianinonun blokun yanına qoyulduğunu gördüm. Həyətə atmamışdılar, küçəyə atılan malın üstünü mələfə ilə örtməzdilər. Özümü xəyallarına doğru uçan bəyaz göyərçin kimi hiss edirdim. Amma pianinoya çatdığım zaman xəyallarımın gerçəkləşməyinə hələ çox qaldığını anladım. Düşünməyə başladım: “Görəsən, onu necəsə götürüb apara bilərəmmi? Oğurlayımmı? Yox, mənim olmayan bir şeyi oğurlaya bilmərəm. Amma xəyallarımın gerçəkləşməsi üçün vicdanımın üstünü örtməliyəm. Amma... Vicdanım görməsə belə, qonum-qonşu görər, atamın yanında biabır olaram. Ən yaxşısı gecə vaxtı gəlib gizlincə götürüm”.

Pianinodan uzaqlaşacaqdım ki, yerimdə dayandım. Oğurluq edə bilməzdim. Ən yaxşısı icazə alıb götürmək idi. Əgər icazə verməsəydilər, bu pianinodan əlimi üzüb yeni pianino axtarışına çıxmalı idim.

Keçib yaxınlıqdakı skamyada oturdum. Çox düşünmədən telefonumu çıxardıb atama zəng vurdum:

– Ata, nənəgilin evini alan adamın adı nə idi?

– İlqar. Nə olub ki?

– Köhnə evin yanındayam. Pianinonu götürmək istəyirəm.

– Mən axı pianinonu İlqara vermişəm.

– Heç onlara lazım deyilmiş, götürüb atıblar çölə. İcazə alacağam.

– Qələt edəcəksən, – atam əsəbiləşib səsini qaldırdı. – Mən o pianinonu ona görə başımdan rədd eləmişəm ki, gedib küçədən götürəsən?

Telefonu söndürdüm. “Əgər bir xəyalın varsa, çox danışmadan sadəcə gerçəkləşdir”, – öz-özümə dedim. Amma necə? Heç tanımırdım bu İlqarı. Necə birisi olduğunu da bilmirdim. Haqqında bildiyim sadəcə bir şey vardı: adı İlqardır.

Beynimdə İlqarın portretini çəkməyə başladım. Öz-özümə dedim: “İlqar... İlqar adlı sinif yoldaşım var, boyu çox balacadır. Yəqin, bu adamın da boyu balaca olar. İlqar... İlqar adlı qohumumuz da var, başı keçəldir. Yəqin, bunun da başı keçəl olar. Yəqin, bığı var. Amma olmaya da bilər. Məgər şərtdir ki, adı İlqar olanın bığı olsun? Hər iş düzəldi, qaldı İlqarın bığı... İlahi, mən nə danışıram?! Bu boyda ölkədə, Allah bilir, neçə yüz min İlqar adlı adam var”.

Bu vaxt balacaboy, keçəl və bığsız bir kişi qabağımdan keçdi. Sanki alnında “Mən İlqaram” yazılmışdı. Boyu balaca, dazbaş, üstəgəl bloka tərəf gedir... Ayağa qalxıb o adama doğru addımladım. O, İlqar olmasaydı belə, ondan İlqar bəyi tanıyıb-tanımadığını soruşacaqdım. Dərindən nəfəs alıb kişiyə yaxınlaşdım:

– Bağışlayın, bir dəqiqə olar sizi?

Adam dayandı. Çevrilib mənə baxdı.

– İlqar bəy, sizsiniz?! – ondan soruşdum.

– Bəli, mənəm. Nə lazımdır?

Hər şeyi fikrimdə doğru canlandırmışdım. O an eyforiyaya qapılacaqdım. Sonradan yadıma düşdü ki, bu kişini uşaq vaxtı atamın yanında görmüşəm.

– Bir neçə ay bundan əvvəl siz atamdan bu evi almısınız.

– Papa necədir?

– Çox şükür, yaxşıdır... Heç bilmirdim sözə necə başlayım... Bu evi atamdan almısınız...

Gülməyə başlayıb zarafatla dedi:

– Nədir, yoxsa evi geri qaytarmağımı istəyirsən?

– Evi yox, həyətə atdığınız pianinonu istəməyə gəlmişəm.

İlqar bir anda tutuldu, mənsə sözümə davam etdim:

– Həmişə istəmişəm ki, bir pianinom olsun. Hətta bu pianino həmişə bizdə olanda da ona elə həsrətlə baxırdım ki... Təsadüfən buradan keçəndə gördüm ki, pianinonu küçəyə atmısınız, ürəyim çox pis ağrıdı. Atam da bu pianinonu sizə verəndə də çox kədərlənmişdim. Ona görə sizi gözləyib icazə almaq istədim. Əgər razılıq versəniz, mən bu pianinonu apararam. Bu mənim üçün çox vacibdir... Ümid edirəm, məni başa düşürsünüz. Sizdən çox xahiş edirəm, əgər bu pianino sizə lazım deyilsə, icazə verin, götürüb aparım.

İlqar dayanıb üzümə baxırdı. Bəlkə də, göz bəbəklərinin dərinliklərində hansısa xatirələr canlanmışdı. Bəlkə də, üz cizgilərim bu xatirələri yada salmasına səbəb olmuşdu. Gülümsəyərək dedi:

– İcazə ver, xanımımla məsləhətləşim. Əgər ona da lazım deyilsə, – pianinoya baxdı, sanki qaytarmağa ürəyi gəlmirdi, – bir saata kimi sənə xəbər verəcəyəm.

Öz xanımı ilə məsləhətləşməyi ona nə qədər dəyər verdiyinin göstəricisi idi. İlqarın nömrəsini aldıqdan sonra əlini sıxıb sağollaşdım. Blokun qarşısında bir saat gözlədim, bir saat sonra zəng etdim.

– Gəl götür, – dedi.

Qəlbimi izahedilməz bir sevinc bürüdü. İlqara dəfələrlə minnətdarlıq elədim, halallaşıb sağollaşdım. Atama zəng vurdum:

– Ata, pianinomuzu geri aldım.

Verdiyim xəbərin onu bu qədər əsəbiləşdirəcəyini düşünməzdim. Az qala infarkt keçirəcəkdi.

– O pianinonu rədd eləmişdim ki, təkrar üstümə gətirəsən? Harada saxlayacaqsan? Bizdə yer yoxdur.

– Öz otağımda... Saxlamağa bir yer taparam.

– Əgər onu bura gətirsən, gözünün qabağında yandıracağam! Evə gətirməyəcəksən! Bir kəlimə! – deyə bağırdı və telefonu söndürdü.

Bununla belə, çox sevinirdim. İstəyimə çatmışdım, bircə onu hara aparacağımı tapmalı idim. Çox keçmədən əmimlə əlaqə saxladım:

– Gətir bizə qoy, maşının pulunu da mən verəcəyəm, – dedi.

Belə də etdim, yük maşını çağırdım, pianinonu aparıb qoydum əmimgilə. Axır ki, istəyimə çatmışdım və istədiyim zaman pianinonu oradan götürə bilərdim. Atam o an əsəbiləşsə də, bu hadisədən sonra qohum-əqrəbanın gözündə yüksəlmişdim. Xüsusən də, bibim və onun həyat yoldaşı evin malına yiyə durduğumçün hara gedirdilərsə, məni tərifləyirdilər. Vaxt keçdikcə atam da başa düşdü ki, mən düzgün hərəkət eləmişəm.

Mənimçün xəyalımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən daha vacib idi.

Bir-iki həftədən sonra əmimgilə zəng elədim. Telefonu əmimin yoldaşı götürdü.

– Pianinom necədir? – ondan soruşdum.

Verdiyi cavab məni şoka saldı:

– Nə pianino?! Çoxdan satmışam.

Tutulub qaldım. Nəsə demək istədim, amma deyə bilmədim. Çünki yaşadığım ruh düşkünlüyünü, pərişanlığı ifadə edəcək sözlər yox idi.

Bu hadisədən illər ötür... Mənim ürəyimdəki pianino eşqi isə zərrəcə azalmayıb...

Şərhlər (80)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    06 iyun 25, 22:08

    Çox amma çox təsirləndim.Mövzu məni keçmiş xatirələrimə apardı.İlk öncə onu deyim ki burda İlqar adı rəhmətlik atamın adı olduğu üçün onun yoxluğunu yadıma saldınız.🥺

    Uşaq vaxtı bağçada cip cip cücələrim mahnısını çalmağı pianinoda müəllimlərim örgərtmişdi.Çox xoşum gəlirdi.Harda pianino görsəm çalırdım.Bunu rəhmətlik əmim də bilirdi.Məni çox istəyirdi.Qızı olmadığı üçün mənim adımı əmim qoymuşdu.Həmişə deyirdiki əmi sənin üçün hər şey edəcəm.Sən mənim qızımsan.Özü də incəsənət adamı idi.Aktyor idi.Deyirdi sən mənim davamçın olacan.Günlərin bir günü dediki əmi səni pianino  alacam özü də musiqi məktəbinə qoyacam.Saçlarınına iki ağ lent bağlayıb höruklərin gözəl görunsun deyə əyninə qəşəy paltarlar alıb əlindən tutub əmi bala gedərik düz bura haradı musiqi məktəbi.Sevincimin həddi hüdudu yox idi.Həmin vaxtın çatmasını səbirsizliklə gözləyirdim.Aylar illər oldu amma əmin deyən olmadı.Həmişə deyirdi hələ balacasan musiqi məktəbinə yaşın düşmür.Əminin pulu da yoxdu ki ,pianino alım sənə.Belə belə bəhanələr.Amma mən həmişə umudla gözləyirdim ki ,bir gün o gün olacaq.Əmimə inanmışdım.

    5 ci sinifdə oxuyanda əmim rəhmətə getdi.Əmimlə bərabər umudlarım da xəyallarım da yox oldu.Kaş ki sağ olaydı dediyi olmasa da olardı.Onun dünyadan tez getməsinə üzüldüm.Mənə verdiyi sözü tuta bilməsə də onu bağışladım.

    Amma illər sonra eşitdim ki,sən demə əmim onu etmək istəyibmiş həyat yoldaşı mane olubmuş...

    Keçmiş xatirəmi sizin qədər mükəmməl yaza bilməsəm də məni acı olsa belə xatirələrimə apardığınız üçün təşəkkur edirəm.Ən azından atam və əmimi yad etdim sizin sayənizdə...

  2. Sunay Məmmədova

    @Sunay Məmmədova

    06 iyun 25, 21:56

    Bu parçanı əvvəlki saytdada oxumuşdum və yenədə ardını, yaşananları bilsəm belə, eyni maraqla oxumağa davam ettim, təsirli, bir o qədər də mənalı idi. Pianinoya qovuşa bilməsəzdə, ən azından məqsədinizə nail olmusunuz.

  3. Ceyn

    @Ceyn

    06 iyun 25, 21:53

    Qəşəng hekayə idi))

    Uğurlarınızın davamı gəlsin inşAllah Uraqan bəy)

  4. Rəna

    @Rəna

    06 iyun 25, 21:46

    Sonu ele gözlədiyim kimi oldu. İnsan övladıyıq güvən olmaz...)

  5. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    06 iyun 25, 21:43

    Salam..Oxuduqca çox kövrəldim..Sonunu yaxşı gözləyirdim təssüf ki,belə olmadı😔 Oxuduqca o duyğuları yaşadım rəsmən..

    Mənimdə pianoya çox həvəsim var..Amma qismət olmuyub örgenmək.. İnşallah Qızıma Alacam..

  6. Asuela

    @Asuela

    06 iyun 25, 21:24

    Uraqan bey❤️,sizi daha yeni keşf edirem, bu getmek niye¿
    Bele ince yazıya göre de sizi tebrik edirem..
    Bezen insanın en çox sevdiyi şeyler elden çıxar..Oxuyarken içimde qeribe bir boşluq hiss etdim,pianinonun satılması meni çox incitdi..
    Bibinize de qıcıq oldum,bunu da bilin😶
    Yazılarınızın davamını sebirsizlikle gözleyirem Uraqan beyyyy❤️

  7. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    06 iyun 25, 21:24

    Çox pis oldum.🥲 Sonunun belə bitəcəyini heç düşünməzdim. Niyə belə olur axı ? Bir şeyi çox istəyirsən, arzun olur, amma o arzuna çata bilmirsən. Bir çox əngəllər, maneələr çıxır.

    Atanızın elə deməsinə baxmayaraq istəyinizdən dönməməyiniz məni heyrətləndirdi, açığı. Mən qorxub evə gələrdim, saatlarca ağlayıb, taleyimlə barışardım və qəlbimə nifrət toxumları əkərdim...

    Əminizin yoldaşına isə ixtiyarsız əsəbiləşdim. Uff nəyə görə satıblar icazəsiz, bir xəbərsiz ?! Heç olmaya siz bilərdiniz də...

    Bu hekayə mənə nostalji hislər yaşatdı.

    Uraqan bəy, əla hekayə idi, həmçinin duyğusal !🤍

  8. Mələkk

    @Mələkk

    06 iyun 25, 21:21

    Atanın “böyüyəndə alarsan” deməsi  uşaqlığına necə də ağır təsir edib. Bəzən insan uşaqlığda xəyal etdiyini gerçəkləşdirə bilməyəndə sanki ömür boyu içində qalır

  9. Səbuhi

    @Səbuhi

    06 iyun 25, 21:07

    Sonu hec gozlemediyim kimi oldu, mukemmeelll❤️

  10. İslam

    @İslam

    06 iyun 25, 21:00

    Sonunu belə gözləmirdim... Möhtəşəm bir hekayədir əllərinizə sağlıq Uraqan Bəy

  11. Nigar

    @Nigar

    06 iyun 25, 20:55

    Salam. Çox qeşeng bölümdü. Belə bir fikir var: "Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır".Mence bu fikir doğrudur. Çünki sene qarşı qoyulan qadağaya reğmen ona teref yönelir sen. "Əgər bir xəyalın varsa, çox danışmadan sadəcə gerçəkləşdir". Bu fikre çox çox qatılıram. Çünki bir defe oxumaq isdediyim ixtisası deyişmek istedim. Bunu anamgile hetta azerbaycan dili müellimeme deyende azerbaycan dili müellimim qarşı çıxdı ki, bes o fenn üzre heç ne oxumamısan ki gelen ile yaxşı hazırlaşa bileşen. Ağır olacaq sene dedi müellimim. "Nə pianino?! Çoxdan satmışam." Bura qeder oxuyanda ise sevindim ki o hemin oğlan isteyine çatdı ve planın onun oldu. Ama son cümleni oxuyanda sanki insanın başından qaynar su tökürler.

  12. ramil

    @ramil

    06 iyun 25, 20:55

    Çox mükəmməl bir həyat hekasidir Emin bəy))

    Pianino nu əldə etmək üçün gösdərdiyiniz səy çox kədərləndiricidir məncə))

  13. Xanım

    @Xanım

    06 iyun 25, 20:50

    Salam Uraqan bəy her vaxtınız xeyir. Yox vazgeçməyin yazmaqdan yaratmaqdan. Fikirləriniz mənim üçün çox dəyərlidir. Siz yazmaq uçun yaradilmisiz. Xahiş edirəm. Vazgeçməyin . İndiyə qədər necə çətinliklərdən keçmisiz,bura qədər dayanmamisiz bezməmisiz. İndi vazgeçmək zamanı deyil . Əzizim yol heməişə var. Sen yoldasan və işiq sənə görünəcək. Sağlıqla qalın. Hörmətlə Xanım.🍀

  14. R.V.

    @R.V.

    06 iyun 25, 20:44

    Şedevr deyiləcək qədər möhtəşəm bir parça!

  15. Gülay

    @Gülay

    06 iyun 25, 20:43

    Yaxşı tərəfdən baxsaq əsas qarşısına qoyduğu məqsədi yerinə yetirdi amma arzusu ürəyində qaldı

  16. Xəyalpərəst

    @Xəyalpərəst

    06 iyun 25, 20:41

    Çox duyğulandım. Uzun və gözəl bölüm idi. Sonunu belə gözləmirdim. Davamlı olsun🤍🌷

  17. Bahar

    @Bahar

    06 iyun 25, 20:39

    Mətni oxuyarkən eləbilki kənardan oturub hadisələrə tamaşa edirdim. Məncə bu əsl yazıçılıqıq qabiliyyətidir. Amma kaşki əminizin yoldaşına ürək sözlərinizi deyerdiz. Mənimdə ürəyimdəm tikan çıxardı🥲

  18. Röya

    @Röya

    06 iyun 25, 20:35

    Salam çox gözəl idi ama təsirli idi🥹🥹🥹

  19. Qonaq Əminə

    @Qonaq Əminə

    06 iyun 25, 20:34

    Pianonu məndə sevirəm amma çalmağı yox .Bəlkə nə vaxtsa bir pianonuz olar ürəyinizdə qalan o arzudan gerçəkləşər.Fikrimcə siz doğru hərəkət etmisiz lazım olmayan əşyanı sizə lazımdırsa sahib çıxmaq gözəldir.Amma məni daha çox üzən pianinon satılması oldu. 

  20. Gülsüm

    @Gülsüm

    06 iyun 25, 20:33

    Çox təsirləndiricidir..Arzunuzun dalınca getməyiniz və nəticənin belə olması:( pianino həvəskarı olaraq təsirləndim.Bir gün arzunuza çatmağınız, şəxsi pianinonuzun olmağı diləyi ilə...

  21. Aytac

    @Aytac

    06 iyun 25, 20:33

    Bəli belədir xəyallarının arxasınca getməsən o xəyal gerçəklənməz. Son hissəyə qədər çox sevinclə oxuyurdum ama sonda xəyal qırıqlığına uğradım. Həqiqətən belə vicdansız insanlar var imiş)) 

  22. Tavat

    @Tavat

    06 iyun 25, 20:33

    Əminiz arvadından zəhləm getdi.

  23. Fatimə Bayramova

    @Fatimə Bayramova

    06 iyun 25, 20:31

    Salam. Bu yazınızı çox bəyəndim,amma sonu məni də həqiqətən kədərləndirdi. Məgər əmi onu satmasaydı ,olmazdır ki? Yaxud da qalsa idi belə sizdə piano eşqiniz əvvəl ki kimi eyni olacaqdır mı? Bu əsər mənə bir ifadəni də xatırladır,deyilir ki,insan bir şeyi əldə etdiyi zaman ,müəyyən vaxtdan sonra ondan soyuyur. Ancaq əldə edilməsi çətin olan diləklər insanda güclü duyğu hisslərini saxlayır. Belə fikirləşirəm ki, bəlkə onun sizdən uzaqlaşması əslində elə də pis deyil. Bu sizdəki bəlkə piano eşqinin artmasına da səbəb olmuş ola bilər,uzaq məsafəli sevgi kimi. Əksinə ,ondan uzaqlaşdıqca dəyərini də anlamış olursan. Bunu da xatırlatdığınıza görə sizə minnətdarıq. Uğurlar bir daha! Bizi özünüzdən də məhrum etməyin ! 🙏🏻🙏🏻🙏🏻

  24. Mələk Ələkbərli

    @Mələk Ələkbərli

    06 iyun 25, 20:27

    Uzun bölüm idi,amma yalnız başa düşəni yormur.Yolunuz açıq olsun, Uraqan müəllim!⭐

  25. Ləman Əhədova

    @Ləman Əhədova

    06 iyun 25, 20:24

    Bu sizin pionadan vaz keçmədiyiniz hekayə pionadan necə həvəslə danişdiğiniz,sevdiyiniz bilinir .Söz deyime hələdə pionanıniz yoxdu? Yoxsa ifa etməyi öyrənmisiz uje??

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol