Əslində, bizim gözəl bir işbirliyimiz ola bilərdi. Sən bəzən özünü ifadə etməkdə çətinlik çəkirsən, mən isə səni dinləməkdən, anlamağa çalışmaqdan yorulmazdım. Çünki səndə yalnız gözəllik yox, həm də qəribə bir məlahət, insanı özünə çəkən səssiz bir dərinlik var.
Sən bir az uşaq kimisən: bir az şıltaq, bir az kövrək, bir az da qorunmağa ehtiyacı olan. Amma baxışların yüz ilin tənhalığına toxunur. Elə bir tənhalıq ki, insanı bitirmir, külə çevirir. Mən külə dönsəydim, küləyə qarışıb yenə sənin yanına gələrdim. Bəlkə sən məni yanında qəbul etməzdin, çünki küldən həmişə yanmış bir hissin qoxusu gəlir. Amma unutma: bəzən bir gülü gözəl qoxudan şey, onun dibinə qarışmış küllər olur. Mənim küllərim də sənin gül qoxulu baxışlarına qarışıb ətrafa əlvan bir rəng bəxş edərdi.
Mən səninlə danışmaqdan çox, səni dinləmək istəyirəm. Səsini yox, içindəki sakitliyi. Çünki bəzən bir insanın susqunluğu kitabxanadakı min kitabdan daha çox danışır. Sənin sükutun da belədir: adamın içinə çökür, bir az həsrət, bir az istilik, bir az da izahı olmayan doğmalıq buraxır.
Əgər sən yanımda uşaq kimi kövrəksənsə, mən də sənə nağıl danışan adam olum. Hər gecə bir az da yaxın gəlim, səni qorxudan kölgələri öz addımlarımla uzaqlaşdırım. Qəhrəman olmaq iddiam yoxdur. Mən sadəcə orada olum: sənin qorxularının azaldığı, yuxularının sakitləşdiyi, varlığının özünü təhlükəsiz hiss etdiyi bir yerdə.
Bilirəm, bu dünya çox tələskəndir. Hər kəs harasa qaçır, heç kim dayanıb baxmır. Amma mən dayandım. Sənə baxdım. Və baxdıqca özümü unutdum. Bəlkə də insan yalnız birinə həqiqətən baxanda özünü unudur. Çünki o an varlığının bir hissəsini qarşısındakına verir.
Sən bəlkə bunu bilmirsən. Bəlkə hiss də etmirsən. Amma bu, vacib deyil. Mən səni sevirəm deyə sən nəyisə etməyə məcbur deyilsən. Sevgi borc deyil. Sevgi bəzən insanın yoxluğu belə sevilən birinə çevirməsidir. Sən olmasan da, sənin yoxluğunda sənə qovuşmaqdır.
Mövlanənin dediyi kimi: gəl, gör, eşq məni nə hala saldı...
Şərhlər (62)