İAŞƏ OBYEKTLƏRİNİN ADLARINDA VƏ ELAN MƏTNLƏRİNDƏ RAST GƏLİNƏN ORFOQRAFİK XƏTALAR
Bu gün müxtəlif iaşə obyektlərinin adlarında, elan və reklamlarda orfoqrafik normaların pozulduğunu müşahidə edirik. Bu hal sosial mediada daha geniş müzakirə olunur. Biz də bu istiqamətdə müşahidə aparıb, qənaətlərimizlə bölüşmək qərarına gəldik. Mühakimənizə təqdim etdiyimiz yazı da sosial şəbəkələrdə yol verilən orfoqrafik səhvlərin şəkil əsasında göstərilməsi, düzgün və yanlış yazılış arasındakı fərqlər, bu səhvlərə yol verməklə hansı orfoqrafiya qaydalarınnı pozulması və bu problemlərin həll yolları haqqındadır.
Müasir dövrdə yüzlərcə yeni obyektlər (mağaza, kafe, restoran, aptek və s.) istifadəyə verilir, müxtəlif növ vakansiyalar, elanlar istər sosial şəbəkələrdə, istərsə də küçədə, parklarda, avtobus dayanacaqlarında paylaşılır. Lakin bu obyektlərin açılması, sosial şəbəkələrdə edilən paylaşımlara, elanlara, reklamlara diqqət yeririlməməsi Azərbaycan dilində bir çox orfoqrafik səhvlərin yaranmasına səbəb olur. Bu səhvlərə daha çox obyekt adlarında dırnaq işarələrinin qoyulmaması, “i” hərfi əvəzinə “ı” hərfinin yazılması, “ə” yerinə “e” hərfi, “ö” yerinə “o”nun yazılması və s. daxildir.
Obyekt adlarında müşahidə edilən səhvlər
Obyekt adlarında yuxarıda qeyd edildiyi kimi, ən çox rast gəlinən səhvlərdən biri də dırnaq işarəsinin qoyulmamasıdır. Xəritə üzərindəapardığımız müşahidələr zamanı daha çox səhv yazılan restoran və kafe adları ilə qarşılaşırıq. Məsələn: Panorama Restoran, Vüsal kafe, Fərman kafe, Qədim Kərkicahan Restoranı, Qədim Şəki şirniyyat evi, Laçın Restoranı, Qaya Restoran, Var Vara Restoran və s. “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında qanuna əsasən, “Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “Cücələrim” kafesi, “Bahar” mağazası”.[1]Bu qaydadan çıxış edərək yuxarıda qeyd olunan mürəkkəb adların düzgün yazılışına cədvəl əsasında nəzər yetirək:
|
Yanlış yazılış |
Doğru yazılış |
|
1. Panorama Restoran |
2. “Panorama” restoran |
|
3. Vüsal kafe |
4. “Vüsal” kafe |
|
5. Fərman kafe |
6. “Fərman” kafe |
|
7. Qədim Kərkicahan Restoranı |
8. “Qədim Kərkicahan” restoranı |
|
9. Qədim Şəki şirniyyat evi |
10. “Qədim Şəki şirniyyat evi” |
|
11. Laçın Restoranı |
12. “Laçın” restoranı |
|
13. Qaya Restoran |
14. “Qaya” restoran |
|
15. Var Vara Restoran |
16. “Var Vara” restoran |
Sosial şəbəkələrdə rast gəlinən səhvlər
Sosial şəbəkədə elan, reklam xarakterli paylaşımlar zamanı yazıda “ə” hərfinin “e” ilə yazılması, “i” hərfi əvəzinə “ı” yazılması və ya sözün ümumi olaraq tələffüz formasında yazılması hallarına vakansiya paylaşımları zamanı daha çox rast gəlinir. İndi isə aşağıdakı şəkillər üzrə
nümunələrə nəzər salaq:
Verilən şəkillərdə “ə” hərfi “e”, “i” hərfi “ı”, “c” hərfi “ç”, “s” hərfi “ş”, “o” hərfi “ö” ilə yazılmışdır. Aşağıdakı cədvələ nəzər yetirək.
|
Yanlış yazılış |
Doğru yazılış |
|
1. Tecili |
2. Təcili |
|
3. Qeydiyyatcılar |
4. Qeydiyyatçılar |
|
5. Teleb |
6. Tələb |
|
7. İsleyeceksiniz |
8. İşləyəcəksiniz |
|
9. Merkezimize |
10. Mərkəzimizə |
|
11. Size |
12. Sizə |
|
13. Oyredilir |
14. Öyrədilir |
|
15. Biodaki |
16. Profil təsvirindəki |
|
17. Nömrenin |
18. Nömrənin |
|
19. Vakansıya |
20. Vakansiya |
|
21. Aktıv |
22. Aktiv |
|
23. Kompyuter |
24. Kompüter |
Bundan başqa, küçələrdə plakatların üzərində obyektlərdə yemək, içki üçün elanlar, hazırlıq, kurs üçün reklamlar paylaşılması zamanı da yenə eyni problemlərlə qarşılaşırıq.
![]()
Birinci şəkildə “komputer” sözü “kompüter” şəklində, “hazrlıq” deyil, “hazırlıq” şəklində, “meyvli” deyil, “meyvəli” formasında olmalıdır. “Refresher” sözü sərinləşdirici mənasında işlənib, lakin sərin sözü də əlavə işlənərək həmin ifadənin işlənməsini mənasızlaşdırır. Cümləni oxuyanda meyvəli və sərin sərinləşdirici seriyası şəklində olur. Meyvəli və təravətləndirici və ya sərinləşdirici içkilər seriyası şəklində olsa, daha doğru olar. Birinci şəkildə əsas problemlərdən biri də bu elanı paylaşan bir kursdur və bu orfoqrafiya səhvi edirsə, necə düzgün təhsil verməsi sual altında qalır.
Bəs bu problemin həll yolları nələrdir?
Elanlar paylaşılan zaman orfoqrafiya qaydalarına riayət edilməli, düzgün dil tətbiqləridən istifadə olunmalıdır. Müxtəlif obyekt, müəssisə açılmadan əvvəl rəsmi dil mərkəzlərinə, qurumlarına müraciət edilməli, həmin müsəssisələrin adlarının düzgün yazılış üçünmütəxəssislərdən rəy alınmalı, obyektin adının düzgün yazılışı rəsmi sənəd ilə təsdiqlənməlidir. Bu qaydalara riayət etmək hər kəsin vətəndaşlıq borcudur. Çünki gənclər, adətən, oxuduğu elanlar, gördüyü iaşə obyektlərinin adlarının düz, ya səhv yazılması haqqında dolğun təsəvvürə malik olmurlar, bu zaman onların hər hansı bir səhv yazılışı norma kimi yaddaşlarına həkk etməsi təhlükəsi qaçılmazdır. Bu səbəbdən Azərbaycan konstitusiyasının 6.3.8-ci maddəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyət orqanları və bələdiyyələr (2013-2015) illər ərzində küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar müxtəlif maarifləndirmə tədbirləri həyata keçiriblər. Monitorinq nəticələri mətbuatda paylaşılsa da, dil qaydılarında pozuntular edən obyekt sahiblərinə xəbərdarlıq edilsə də, bu qurumlar cərimə tətbiq etmək hüququna sahib olmadıqları üçün bu tədbirlər o qədər də effektiv olmayıb.
Beləliklə, iaşə obyektlərinin adlarında, elan və reklamlarda orfoqrafik normaların pozulması Azərbaycan ədəbi dilinin yazılı şəkildə düzgün tətbiqi baxımından aktual problem olaraq qalır. Paylaşımlarda, elan və reklam mətnlərində saitlərin düzgün yazılmaması, obyekt adlarının dırnaqda verilməməsi, xüsusi adlardan sonra gələn ümumi isimlərin böyük hərflə yazılması kimi hallar geniş yayılmış səhvlər sırasındadır. Bu cür yanlışlıqlar yalnız dil qaydalarının pozulması ilə məhdudlaşmır, həm də cəmiyyət üzvlərinin dildən keyfiyyətli istifadəsinə mənfi təsir göstərir. Belə səhvlərin aradan qaldırılması üçün orfoqrafiya normalarına diqqətin artırılması, sahibkarların və reklam hazırlayan şəxslərin maarifləndirilməsi, eləcə də dil normalarına nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.
Nəzrin Əsgərli
Qarabağ Universitetinin
Pedaqoji fakültəsinin III kurs tələbəsi

Şərhlər (0)