Kəpənək - Bölüm 4

Kəpənək - Bölüm 4

Bəlkə də, bu kəpənəyin arxasınca getmək Jalənin arzularını gerçəkləşdirməyin ən yaxşı yolu idi. O, bəlkə də, Jalənin heç vaxt görə bilmədiyi həmin “xüsusi kəpənək” olmaq istəyirdi.

Eminin hər addımında torpaq bir az da yumşalır, sanki ayaqlarının altından çəkilib yox olurdu. Bu yumşaqlıq onu yavaş-yavaş tanımadığı bir dünyanın dərinliklərinə çəkirdi. O, kəpənəyin hərəkətini izlədikcə ətraf daha da səssizləşir, yalnız uzaqdan gələn qəribə və qısa ciyilti səslərini eşidirdi.

Emin bəzən bu kəpənəyin arxasınca getmək yox, Jalənin yanına qayıdıb onun zərif əllərini tutmaq, tellərini sığallamaq istəyirdi. Amma bir tərəfdən də içindəki maraq hissi onu ağuşuna alıb kəpənəyin arxasınca aparırdı. Emin kəpənəyə yaxınlaşdıqca onu tuta biləcəyinə ümidi daha da artırdı. Kəpənək artıq adi bir məxluq deyildi, Eminin arzularının canlı təcəssümünə çevrilmişdi. Qəfildən kəpənək bir ağacın koğuşuna girib gözdən itdi.

Qəribəsi bu idi ki, Emin heç vaxt bu ağacın koğuşuna diqqət yetirməmişdi. Kənardan adi görünən bu boşluq indi Emin üçün sirli bir qapıya çevrilmişdi. Ağacın bətnində başqa bir həyat gizlənmişdi. Bu ağac təbiətin öz sirlərini saxladığı bir sandığı xatırladırdı.

Koğuşun kənarları qaralmış, çatlamış qabıqla örtülmüşdü. Zaman həm zərər vurmuş, həm də sanki bu ağacı qoruyub saxlamışdı. Emin ağacın içərisinə baxanda qəribə bir sirrə toxunduğunu hiss etdi. Kəpənəyi tutmaq üçün buranın daha uyğun yer olduğunu düşündü. İçəri qaranlıq, dumanlı bir quyu kimiydi – elə bil başqa bir dünya gizlənirdi orada. Emin nəm torpaq, odun, çiçək və yaş ağac qoxusunu eyni anda duydu. Bu, ağacın nəfəsi kimiydi; həm rahatladır, həm də içində izahı olmayan bir narahatlıq oyadırdı.

Gözləri qaranlığa öyrəşməyə çalışırdı, amma heç nə seçə bilmirdi. Əllərini ehtiyatla boşluğa uzatdı. Barmaqları nəm, kobud qabığa dəyəndə birdən özünü o ağacın koğuşunda çox kiçik hiss etdi – sanki balacalaşmış bir varlığa çevrilmişdi. Başını içəri soxub içəri doğru boylandıqca uzaqdan zəif bir pıçıltı gəlməyə başladı. Əvvəlcə bu səs öz ürəyinin döyüntüsünə bənzəyirdi, sonra isə get-gedə yad, melodiyaya çevrildi. Ağac sanki onunla danışmağa çalışırdı, amma dedikləri anlaşılmaz qalırdı.

Oğlan koğuşun içini gözdən keçirməyə çalışdı, amma qaranlıq olduğundan heç nəyi görə bilmirdi. Əllərini ehtiyatla boşluğa uzatdı. Kobud əlləri ağacın nəmli möhtəviyyatına toxunduqca qəribə bir ətalət duyğusuna qapıldı. Boşluqda irəlilədikcə Emin uzaqdan gələn zəif pıçıltını eşitdi. Bu səslər nə insan, nə də heyvan səsinə bənzəyirdi – sanki koğuşun içinə girməzdən öncə eşitdiyi ciyilti səsi getdikcə daha da artmağa başlamışdı. Süründükcə içəridəki qəribə səsləri daha aydın eşitməyə başladı. Əvvəlcə bu səslər onun öz ürəyinin ritminə bənzəyirdi, lakin get-gedə pıçıltılar yad bir melodiyaya çevrildi. Ağac sanki ona nəsə demək istəyirdi. Amma bu sözləri başa düşmək mümkün deyildi.

Emin irəlilədikcə ağacın içindəki boşluq genişlənməyə başladı – dar keçid sonsuz bir tunelə çevrildi. O öz bədənini yavaş-yavaş sürüklədikcə qəribə bir yüngüllük hiss edirdi. Əvvəlcə əllərində, sonra isə bütün bədənində bu hiss özünü büruzə verdi. Ağır, narahat duyğular yoxa çıxmışdı, ağac özü onu irəliyə, naməlum bir yerə yönəldirdi.

Boşluq getdikcə daha da dərinləşir, əsrara bürünürdü. Emin qəfildən dayandı. O an barmaqları naməlum, buz kimi soyuq və canlı bir şeyə toxundu. Titrəməyə başladı. Geri çəkilmək istədi, amma o an ətrafı bürüyən görünməz bir qüvvə onu irəliyə doğru itələdi.

Emin dərindən nəfəs aldı, amma bu nəfəs ona yox, ağacın özünə məxsus idi. Sükut indi daha da ağırlaşmışdı, hər an nəsə qorxunc bir şey baş verə bilərdi. Ağacın divarları sanki canlı idi – Eminin əlləri ilə birlikdə titrəyir, onun hərəkətlərini izləyirdi. Oğlanın ürəyi şiddətlə döyünür, ağac isə bu döyüntülərə əks-səda ilə cavab verirdi. Geri dönmək artıq mümkün deyildi – o, irəliyə doğru sürünməyə məcbur idi.

Çox keçməmiş Eminin başında qəribə bir qaşıntı başladı. O, əlləri ilə saçını darayır, hər dəfə daha dərinə enirmiş kimi hiss edirdi. Həmçinin maneələrlə qarşılaşırdı. Sanki saçı indi sadəcə saç deyildi, qaranlıqdan və köklərdən hörülmüş bir tor idi, onu tutub saxlayırdı. İrəlilədikcə saçındakı bu narahatlıq bədəninə yayıldı, qaşıntılar dərisinin hər hüceyrəsində özünü göstərdi.

Əvvəlcə bu hiss yüngül bir narahatlıq idi – elə bil dərisinin altında sısqa bir axın dolaşırdı. Lakin sonradan bu axın daha vəhşi, daha qəddar oldu. İndi dərisinin altına minlərlə iynə batırılırdı. Bu iynələr Eminin ruhuna qədər nüfuz edirdi. Hər toxunuşda, hər qaşınmada dərisi nazikləşir, soyulurdu. Bu, yalnız bədəninin dəyişməsi deyildi. O özünü başqa bir şeyə çevrilmək üçün hazırlayırdı.

Hərəkət etdikcə bədənini tərk edən hər isti nəfəs taqətini bir az da kəsirdi. Lakin o, zəiflədikcə fiziki ağırlığından arınır, quş kimi yüngülləşirdi. Emin artıq özünə toxunmağa cəsarət etməsə də, dərisinin altında baş verən o dəhşətli dəyişikliyi bütün hüceyrələri ilə aydınca hiss edirdi. Qatı qaranlıq yavaş-yavaş onu udurdu – o artıq ətdən və sümükdən ibarət bəsit bir məxluq deyil, qaranlıqla qaynayıb-qarışan başqa bir varlıq idi.

Dərisinin altında oyanan və qıvrıla-qıvrıla irəliləyən o naməlum hərarət indi insan ruhunun son sərhədlərini də silib atırdı. Çöldə qalan quşların əvvəllər incə, melodik olan səsləri indi beynində həyatla vidalaşma nəğməsinə – qorxunc bir kəfən marşına çevrilmişdi. Eminin nəfəsi ağırlaşdı, lakin bu ağırlıq onun bədənindən çıxıb gedirdi. O artıq sadəcə insan deyildi... Ağacın, sonsuz boşluğun və qaranlığın ayrılmaz bir hissəsinə çevrilirdi.

O, bədənini qaranlığın içinə doğru sürüklədikcə dar keçid elə bil ki, genişlənərək sonsuz bir tunelə çevrilirdi. Təəccüblü idi... Əslində isə böyüyən ağac deyildi. Emin hər qarış irəlilədikcə bədənindəki o ağırlığın azaldığını, tədricən kiçildiyini hiss etməyə başladı. Bu heç də qəfil baş vermirdi; o, ağır-ağır, sanki bu nəhəng boşluğun içində əriyirmiş kimi balacalaşırdı. Bütün o insanlara xas narahat duyğular yoxa çıxmışdı; indi ağacın görünməz əlləri onu naməlum bir dərinliyə doğru çəkirdi.

Əllərinə baxmaq istədi, lakin onlar yavaş-yavaş yox olurdu. Əvvəlcə qorxdu. Qollarının yerini incə, rəngarəng qanadlar tutanda qorxunun yerini heyrət aldı. Bu qanadlar adi deyildi – hər rəng, hər naxış sanki onun ruhunun aynası idi. O artıq əvvəlki Emin deyildi. Qanadlarının hərəkətində inanılmaz bir güc hiss etdi. Yüngülləşdi. Torpağın ağırlığını hiss etmirdi. Külək bədənini qucaqlayır, onu yavaşca yuxarı qaldırırdı. İşıq daha da parlaqlaşdı, indi o sadəcə işıq deyil, bir çağırış idi – onu olduğu aləmin sərhədlərindən kənara, daha yüksək bir reallığa dəvət edirdi.

Emin geriyə dönmək, gəldiyi qaranlıq yolla geri qayıtmaq istədi. Lakin bir anda zəif bir şəfəq diqqətini çəkdi. Əvvəlcə solğun, titrəyən bu işıq uzaq bir xəyal idi. Amma tədricən gücləndi, qaranlığı aradan qaldıraraq ətrafı səssiz və zərif bir aydınlıqla doldurdu. 

Eminin baxışları zəif şəfəqin detallarında ilişib qalmışdı. Bu zərif işıq sanki bir kəpənəyin havada pərvazlanması kimi göründü.

Qanadlardakı hər rəng, hər naxış Emin üçün bir duyğunun, bir xatirənin qapısını aralayırdı. Sarı zolaqlar günəşin yumşaq toxunuşunu xatırladır, qırmızı xətlər ehtirasın və sevginin alovunu daşıyır, mavi tonlar isə dərin, sakit bir sükutu yayırdı. Bütün bu rənglər bir araya gələndə sanki Eminin iç dünyasının rəsmi yaranırdı.

İndi o, kəpənəyə baxanda öz ruhunun əksini görürdü. Bu artıq sadəcə baxış deyildi – qaranlıqla işığın bir-biri ilə oynadığı, möhtəşəm və eyni zamanda sakit bir rəqs kimi hiss olunurdu.


Bir an düşündü ki, bu həşəratların duyğu aləmini yalnız onların dünyasına tam daxil olduqda başa düşmək mümkündür. Emin Jalənin kəpənəklərə olan sevgisini bildiyi üçün onlarla bağlı hər detalı diqqətlə öyrənmişdi. İndi isə içində olduğu aləm ona əvvəllər fərqinə varmadığı şeyləri göstərirdi. Ağacın gövdəsindəki bir dəlik əvvəlkindən daha böyük görünürdü. Lakin dəyişən ağac deyildi – dəyişən Eminin özü idi.

Bu sadəcə fiziki yox, həm də ruhani bir dəyişiklik idi. O, indi yeni bir aləmin parçasına çevrilmişdi. Hər şeylə harmoniya içində, həm insan, həm kəpənək təbiətinin qovuşduğu bir mövcudluqda...

Emin dar dəlikdən çıxmağa çalışırdı ki, arxadan incə, sirli bir ciyilti eşitdi. Bu yumşaq çağırış havanı yarıb keçdi. O başa düşdü ki, səs bir kəpənəyə aiddir:

– Vaxtın çox azdır. Bizim ömrümüz uzun deyil. Gün batana qədər qayıtmasan, əbədiyyən yox olacaqsan.

Şərhlər (32)

  1. Xəyalpərəst

    @Xəyalpərəst

    22 iyun 25, 22:02

    Bu, bir insanı sevməyə də aiddir. Birini zamanla sevdikdə, onunla birgə böyüdükdə, onun kədərinə, sevincinə, susqunluğuna şahid olduqda, o insan sadəcə bir “başqası” olmur. O, içində yaşadığın, öz hisslərini tapdığın bir dünyaya çevrilir. Onun gülüşü, baxışı, səsi artıq başqasınınkı kimi gəlmir. O, sənə aiddir – çünki sən özünün bir hissəsini onun yanında buraxmısan.

    İnsanın içində belə bir dəyər formalaşanda, artıq sevgi sadəcə qarşı tərəfi sevmək deyil, onunla bir olmaq istəyinə çevrilir. Hətta bu birgəlik mümkünsüz olsa da, insan onu arzularında yaşadır, ona çatmaq üçün yollar axtarır – bəzən real, bəzən qeyri-mümkün, bəzən də nağılvari yollar.

    Bu hissləri yazıçı çox gözəl təsvir edib. Gül kimi fikirləşsək  ona xərclədiyimiz zaman bizim üçün dəyərli olur. 

  2. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    22 iyun 25, 21:58

    Sevgi qəribədir - ya dirildər, ya da süründürər...

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    22 iyun 25, 21:55

    Bölümü yaçıyaraq oxudum sadəcə bir hekayə deyildi bizə sevdiylərimizin dəyərin bilməyimizi onlara görə hər şeyə hazır olmaqımızı deyirdi . Çünki Emin geri dönmiyə və ölə bilər ama sevgisinə görə o gedir o riski alır sevgi elə bir mövzudu bəzən sevdiyinin güldüyün xoşbəxt olduqun görmək nəyə issən dəyər

  4. Leyla Həşimli

    @Leyla Həşimli

    22 iyun 25, 21:54

    sevdiyi üçün hər şey edə bilməlidir insan... hətta canı bahasına belə olsa

  5. SİMURQ

    @SİMURQ

    22 iyun 25, 21:48

    “Əsl sevgi, sevdiyin uğrunda yox olmaq deyil , onu itirmədən kim olduğunu xatırlaya bilməkdir.”

  6. Mehin

    @Mehin

    22 iyun 25, 21:44

    Bir gülü sevirsənsə, qopararsan.Amma hemde deyer verirsense sulayarsan✨

  7. Fatima

    @Fatima

    22 iyun 25, 21:41

    Bu bölüm oxucuya sadəcə bir hekayə deyil, ruhani bir səyahət təqdim edir. Eminin bir kəpənəyə çevrilməsi, həyatın içində keçdiyimiz o daxili dəyişiklik anlarının, özünü itirmə və tapma dövrlərinin metaforasıdır.Ən çox təsirləndiyim hissə ağacın koğuşuna girəndən sonrakı fiziki və mənəvi transformasiya oldu. Bu səhnələr insanın keçmişindən, ağrılarından və qorxularından soyunaraq sevgi uğrunda yenidən doğulması kimi tərcümə oluna bilər.Eminin Jaləyə duyduğu hiss sadəcə romantik bir sevgi deyil — bu, özünü fəda etməyə hazır olan, mənasını qarşı tərəfdə tapan bir sevgi formasıdır. Balaca Şahzadədən gətirilən sitat isə hekayəyə həm nostalji, həm də universal bir dərinlik qatır. Sevdiyimiz şeylərə verdiyimiz vaxt və diqqət, onları bizim üçün "sehrli" edən yeganə səbəbdir.Bölümün son hissəsində – Eminin qanadları çıxıb uçmağa başladığı anda – sadəcə fiziki bir kəpənək deyil, həm də azad, sevgi ilə dolu, yeni bir ruh doğulur.Bu əsər mənə bir daha göstərdi ki, əsl sevgi dəyişməkdən, dəyişdirməkdən, bəzən də yox olmaqdan qorxmamaqdır. Bu, sadəcə bir nağıl deyil – içimizdə unudulmuş hisslərin səsini oyadan poetik bir güzgüdür.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol